"Qarabağ"la "Apoel"in şansı bərabərdir, onlar "alışıb-yanır" - Dino Ndlovu

"Qarabağ"la "Apoel"in şansı bərabərdir, onlar "alışıb-yanır" - Dino Ndlovu
Futbol
04 Avqust 2019 - 20:02
Supersport.Az-ın məlumatına görə, karyerasını Çində davam etdirən "Qarabağ"ın keçmiş futbolçusu Dino Ndlovu "Apoel"lə oyun ərəfəsində fikirlərini bildirib. 

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində baş tutacaq matçla bağlı afrikalı hücumçu xarici mətbuata açıqlamasında komandaların şansının bərabər olduğunu deyib. 

Ndlovu karyerasında Kiprin "Anortosis" klubunda (2015-16) 34 oyunda 18 qol vurub. İki il ərzində "Qarabağ"da (2016-18), 59 oyunda 24 dəfə fərqlənib.

2018-ci ilin martından Çinin "Zhejiang Greentown" klubunda 43 oyunda 31 qola imza atıb. 

"Mən həm "Qarabağ"ı, həm də "Apoel"i yaxşı tanıyıram. Baxmayaraq ki, hazırda bu komandaların hansı vəziyyətdə olduğu haqda geniş danışa bilmərəm. Fikrimcə, şanslar 50-50-yədir. Hər iki oyun böyük marağa səbəb olacaq. "Qarabağ"la "Apoel" Çempionlar Liqasının pley-off mərhələsi üçün "alışıb-yanır" - deyən Dino, "Qarabağ" fanatlarının fərqləndiyini, hər zaman komandalarına möhtəşəm dəstək verdiyini qabardıb. 

29 yaşlı afrikalı futbolçu, Azərbaycan çempionuyla bağlı bəzi suallara cavab verməkdən imtina edib. Çox güman ki, o, "Qarabağ"ın sirlərini, zəif cəhətlərini demək istəməyib.  

O, Kiprə qayıtmaq perspektivinə də toxunub:

"Anortosis" barədə xoş xatirələr yaddımda qalıb. Siz heç vaxt həyatınızın necə olacağını əvvəldən bilməzsiniz. Bilmirəm, gələcəkdə nə baş verəcək".

Dino, hazırda çıxış etdiyi ölkədə özünü xoşbəxt hiss etdiyini söyləyib:  

"Çində karyeramı davam etdirməkdən həzz alıram. Bəli, bu ölkənin çempionatı çətindir, gərgin oyunlar çox olur. Ancaq xoşbəxtəm ki, mən işimi doğru edirəm. Çinin birinci liasıyla Kipr çempionatı arasında oxşarlıq var".

Digər xəbərlər