"Qəbələ" məğlub oldu

"Qəbələ" məğlub oldu
Futbol
11 İyul 2019 - 15:01
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununda "Vorskla" ilə qarşılaşıb.

Azərbaycan klubu Ukrayna təmsilçisinə 1:3 hesabı ilə uduzub.

Sənan Qurbanov qarşılaşmada aşağıdakı start heyətinə şans verib:

Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Yusif Nəbiyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərov.

Qarşılıqlı hücumlarla keçən oyunun ilk hissəsində iki qol vurulub. 41-ci dəqiqədə Ülvi İsgəndərov hesabı açıb. Üç dəqiqə sonra Ukrayna klubu bərabərlik qoluna imza atıb.

Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. "Qəbələ"də Murad Musayev, Rasim Ramaldanov, Tərlan Əhmədli, İdris İnqilablı, Klesio Bauk və Kristian Kouakou meydana daxil olub. Onlar Yusif Nəbiyev, Sadiq Quliyev, Anar Nəzirov, Rövlan Muradov, Kamal Mirzəyev və Merab Qiqaurini əvəzləyiblər. Hissənin əvvəlində Poltava klubu hesabda önə keçməyi bacarıb. Buraxılan qoldan iki dəqiqə sonra – 59-cu dəqiqədə "Qəbələ" penalti imkanı qazanıb. Lakin Ülvi dublunu rəsmiləşdirə bilməyib. Görüşün sonlarında daha bir dəfə fərqlənən Ukrayna təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Ülvi iyulun 7-də Ukraynanın digər təmsilçisi "Mariupol"la yoxlama matçında (2:1) da fərqlənmişdi.

Xatırladaq ki , "Vorskla" ötən mövsüm Premyer Liqani 7-ci pillədə tamamlayıb.

Digər xəbərlər