Hüseyn Məhəmmədov: "Əsas məqsədimiz veteranlarla AFFA arasında körpü rolunu oynamaqdır"

Hüseyn Məhəmmədov: "Əsas məqsədimiz veteranlarla AFFA arasında körpü rolunu oynamaqdır"
Futbol
22 İyun 2019 - 19:56
Azərbaycan Veteranlar İttifaqı Gəncədə görüş keçirib.

Supersport.Az-ın məlumatına görə, toplantıya qurum sədri Oqtay Abdullayev, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, "Kəpəz"in Veteranlar Şurasının sədri Müzəffər Qasımov, veteranlardan Maşallah Əhmədov, Asif Əliyev, Yunis Hüseynov, Vidadi Rzayev, Hüseyn Məhəmmədov, Kənan Kərimov və başqa şəxslər qatılıblar.

Görüşdə Gəncə ilə yanaşı, Mingəçevir, Yevlax, Şəmkir, Ağtafa, Qazax, Tovuz və başqa bölgələrdən nümayəndələr iştirak edib.

O.Abdullayev Gəncədə futbolun, veteranların vəziyyətiylə maraqlanıb. Şəhərdə akademinın açılması, mütəxəssislərin işlə təmin olunması və sabiq oyunçulardan bəzilərinə fəxri adların verilməsi ətrafında müzakirələr aparılıb. Azərbaycan Veteranlar İttifaqı üzvləri təkliflərin AFFA rəhbərliyinə çatdırılacağına vəd veriblər.

Azərbaycan Veteranlar İttifaqının üzvü Hüseyn Məhəmmədov Gəncə səfəri barədə təəssüratlarını bölüşüb.

"Görüş çox yaxşı alındı. Gəncədə futbolun vəziyyəti, veteranların problemiylə maraqlandıq, verilən suallara cavab verildi. Veteranlardan bir neçəsi çoxdandır belə tədbir keçirilmədiyini, görüşün sevindirici olduğunu bildirdi. Oqtay müəllim dedi ki, belə görüşlərin təşkili davam edəcək. Görüş zamanı işlə, təqaüd, məşqçilik kateqoriyasıyla bağlı danışıq oldu. Veteranlardan təklifləriylə  əlaqədar yazılı şəkildə müraciət etməsi xahiş olundu. Veteranlar İttiqafı onların fikirlərini, məktublarını AFFA-nın baş katibi Elxan Məmmədova çatdıracaq. Bəlkə də bəziləri görüşün belə xoş alınacağını gözləmirdi, formal olduğunu düşünürdü. Lakin veteranlar gördülər ki, hər şey rəsmiyyətə çevrildi və bu da həqiqətdə öz yerini tapır. Buna görə də onlar toplantıdan məmnun olduqlarını qeyd etdilər. İnanıram ki, AFFA rəhbərliyi veteranlara lazımi diqqət və qayğını göstərəcək.

Azərbaycan Veteranlar İttifaqının əsas məqsədi veteranlarla AFFA arasında körpü rolunu oynamaq, futbolda xidməti olan insanlara hərtərəfli dəstək vermək, onların ümidlərini itirməməsinə, bu sahədə işlə təmin olunmasına, problemlərinin həllinə nail olmaqdır. Gələcəkdə AFFA-nın köməyilə akademiya açılarsa, mütəxəssislərə iş verilməsinə kömək ediləcək.

Bölgələrdə görüşlər davam etdiriləcək. Bilirsiniz ki, paytaxtda bəzi yoldaşlıq oyunları keçirmişik. Regionlarda belə qarşılaşmaların keçirilməsi planlaşdırılır. Bundan başqa, veteranların çempionatının də təşkil olunması nəzərdə tutulur".

Digər xəbərlər