Emin Quliyev Lənkəran səfərini qiymətləndirdi - Şəkillər

Emin Quliyev Lənkəran səfərini qiymətləndirdi - Şəkillər
Futbol, Eksklüziv, Foto
18 İyun 2019 - 13:00
"10 İL ƏVVƏL FUTBOLUMUZDA GÜCLÜ RƏQABƏT VARDI"

 

Azərbaycanın veteran futbolçuları fəallığı artırıblar.

Veteranlar İttifaqının təşəbbüsü ilə sabiq oyunçularla görüşlər keçirilir, futbolun inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılır. Bundan başqa, veteranlar arasında yoldaşlıq oyunları təşkil olunur.   

Veteranlar İttifaqının üzvləri bölgələrə də səfərlər edib futbolda problemlərin aradan qaldırılması, bu sahənin sistemli inkişaf üçün çalışırlar.

Oqtay Abdullayevin rəhbərlik etdiyi ittifaqın təmsilçiləri bu günlərdə Lənkəranda olub.

Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndə, "Xəzər Lənkəran"ın keçmiş oyunçusu Emin Quliyev Supersport.Az-a Lənkəran səfəri və futbolumuzun indiki vəziyyəti barədə fikirlərini bildirib.

"Lənkəran səfəri çox yaxşı keçdi, deyərdim ki, möhtəşəm alındı. Cənubda bizi əla qarşıladılar. Veteranlara təşəkkür edirəm ki, görüşə böyük istəklə gəlmişdilər. Veteranlar İttifaqının təşəbbüsü ilə keçmiş futbolçularla növbəti toplantı keçirildi. Görüşlərin təşkilində AFFA-nın baş katibi Elxan Məmmədovun dəstəyi, Veteranlar İttifaqının sədri Oqtay Abdullayevin böyük rolu var. Buna görə hər iki şəxsə təşəkkür edirik.

Sevindirici məqamdır ki, Lənkəran, Masallıdan olan veteranlar səfərimizi müsbət qarşıladılar, futbolun vəziyyəti, mövcud problemlərin həlliylə bağlı fikir mübadiləsi oldu. Bundan başqa, veteranların çətinlikləri haqda məlumat toplandı və onlara hərtərəfli kömək edilməsi üçün addımlar atılacağı çatdırıldı. Fəaliyyətimizi həm sözdə, həm də əməli işdə davam etdirəcəyik". 

Uşaq futboluna xüsusi diqqət yetirilməli olduğunu deyən veteran futbolçu hesab edir ki, akademiyalar klub sponsorlarından asılı olmamalıdır:

"Veteranlar İttifaqının Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olaraq bildirim ki, futbolumuzun inkişaf etdirilməsi naminə birlikdə çalışmalıyıq. Vaxtilə Lənkəran və Masallıda yaxşı futbolçular yetişdiyini bilirsiniz. Cənub səfərimizdə yeni istedadların üzə çıxarılması üçün danışıqlar oldu, futbol akademiyasının açılması ilə bağlı təklif verildi, fikir mübadiləsi aparıldı. Bu zaman mən bildirdim ki, "Xəzər Lənkəran" klubu fəaliyyət göstərəndə akademiya açılsaydı, həm futbolumuza böyük faydası olardı, həm də veteranlar işsiz qalmazdı.   

Lənkəranda veteranların yoldaşlıq oyunlarının keçirilməsi də nəzərdə tutulub.

Gəncə, Tovuz və digər yerlərə də səfərlər edərək, futbolun vəziyyətiylə, veteranlarla yaxından maraqlanılacaq.

AFFA-nın dəstəyilə bölgələrdə akademiyaların açılması planlaşdırılır. İlk olaraq Tovuzda belə addım atılacağı gözlənilir. AFFA-nın köməyilə Lənkəran, digər bölgələrdə də akademiyalar açılsa, bunun futbolumuza çox köməyi olacaq.  

Gəncə, Tovuz, Lənkəran və başqa bölgələrdən perspektivli futbolçuların olduğu indiyə qədər bizlərə yaxşı məlumdur. Akademiyalar klub sponsorlarından asılı olmamalıdır. Ona görə ki, iş adamları çətin vəziyyətə düşəndə, komandadan ayrılanda kluba məxsus infrastruktur baxımsız qalır, bunun da acı nəticələrini futbolumuz çəkir. Dəfələrlə belə halların şahidi olmuşuq. Ancaq federasiyanın xəttiylə akademiyalar açılsa, heç bir problem olmayacaq, daim fəaliyyət göstərəcək. Buna görə də akademiyaların AFFA tərəfindən açılmasını daha məqsədəuyğun hesab edirəm.     

Mütəxəssislər, veteranlar birləşərək futbolumuzun inkişafına nail ola bilərlər.

Futbolumuzun gələcəyinin parlaq olması üçün ilk növbədə uşaq futboluna xüsusi diqqət yetirilməli, perspektivlilərin üzə çıxarılmasına, yüksək səviyyədə hazırlanmasına çalışmalıyıq.

Akademiyaların olması labüddür. Hesab edirəm ki, istedadlı futbolçuların xarici klublarda da yetişməsi, təcrübə keçməsi istiqamətində də mühüm işlər görülməlidir. Bununla milli komandalara səviyyəli futbolçular hazırlanacaq ki, bu da ölkəmizin mötəbər yarışlarda layiqincə təmsil olunmasına gətirib çıxaracaq".

"Xəzər Lənkəran"ın keçmiş futbolçusunun fikrincə, Premyer Liqada iştirakçı klubların sayının artırılması mühümdür:

"Klubların sayı çoxalsa, futbolumuzda rəqabət, yığma komandalara seçim imkanları artar. Necə ki, 10 il əvvəl çempionatımız maraqlı keçirdi, güclü rəqabət vardı, 6-7 komanda çempionluq uğrunda mübarizə aparırdı. Stadionlarda möhtəşəm atmosfer yaşanırdı. Lənkəranı xüsusiylə qeyd edərdim ki, hər oyun ajiotaj, azarkeşlərin böyük dəstəyi olurdu. Futbolun fanatlara görə də oynanıldığını yaddan çıxarmayaq. Çox təəssüf ki, "Xəzər Lənkəran", "Bakı", "Karvan" kimi klublar dağıldı və bunun futbolumuza böyük zərbələri dəydi.  

Bir məqamı da xüsusu vurğulayım ki, akademiyalar açılacaq bölgələr premyer liqada təmsil olunmalıdır. Bununla futbolumuzda rəqabət, yığma komandalara seçim imkanları artacaq". 





 

Digər xəbərlər