Nazirlik taekvondoçuların zəfərinə qiymət verdi

Nazirlik taekvondoçuların zəfərinə qiymət verdi
Digər, Taekvondo
23 May 2019 - 11:42
Supersport.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyində İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatından qayıdan taekvondo üzrə Azərbaycan milli komandası ilə görüş keçirilib.



Tədbirdə nazir müavini İsmayıl İsmayılov nüfuzlu yarışdan qızıl medalla qayıdan Milad Beigi Hərçəqani (80 kq) və bürünc medalçı Fəridə Əzizovanı (67 kq) təbrik edib.

"Hərçəqaninin qızıl, Əzizovanın isə bürünc medal qazanması bizi sevindirir. İdmançıların üzərində əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm" deyən İ.İsmayılov, Azərbaycanda taekvondonun da inkişaf etdiyini bildirib:


"154 ölkə arasında kişilərin komanda hesabında 5-ci, qadınlarda 7-ci olmaq böyük uğurdur. Azərbaycan yeganə ölkədir ki, idman dövlət səviyyəsində qayğısı göstərir və bu gün də idmançılarımız dövlət başçısının etimadını doğruldur. İnkişafda olan idman növlərindən bir də taekvondodur. Bu idman növündə Olimpiya, dünya çempionlarımız var və bu da göstərir ki, onlar düz yoldadır".


 İdman şöbəsinin müdiri Fərid Mansurov isə deyib ki, şəxsən iştirak etdiyi dünya çempionatında rəqabət çox böyük olub:


"İdmançımız qızıl medal qazanmaqla dünya reytinqində birinci oldu. Oradan xoş təəssüratlarla qayıtdıq. Fəridə Əzizovanın üçüncü olması böyük uğurdur. Bütün görüşləri izləmişəm. İnanıram ki, qarşıdakı yarışlara daha yaxşı hazırlaşacaqsınız".


Federasiyanın vitse-prezidenti Nağı Səfərov isə daha 3 taekvondoçunun şanssızlığa görə medal qazana bilmədiyini vurğulayıb. O, Hərçəqaninin ikinci dəfə dünya çempionluğu əldə etməsinə diqqət çəkib:


"Miladın finaldakı rəqibi də uduzduğunu hiss edirdi. İdmançımızın zərbəsindən sonra baş məşqçisinə tərəf baxdı. Baş məşqçi hücum etməsini istəsə də, rəqib çarəsiz idi".


Hərçəqani isə bildirib ki, ikiqat dünya çempionu olmaqdan ötrü əlindən gələni edib:


"Bu il 4 qran-pri var. Tokio oyunları üçün lisenziya xallarını artırmaqdan ötrü bu turnirlər yaxşı nəticə göstərmək lazımdır. Hələlik vəsiqəni böyük ölçüdə qazandığımı deyə bilərəm. Çünki qran-prilərdə 200 xal qazanmaq mümkündür. Məqsədim əmsalda ilk 5-liyə düşməkdir. İnanıram ki, növbəti yarışlarda da yaxşı çıxış edəcəyik".


Fəridə Əzizova isə çempionluq üçün getdiyi dünya çempionatında yarımfinalda uduzduğu rəqibinin daha güclü olması öz sözünü deyib:


"Bizim çəkidə lider yoxdur. Hamı güclü idmançıdır. Bu dəfə isə çinli idmançı birinci oldu. Məqsədim var: Mən də qalib olacağam. Sırf bu dəfə rəqibin məndən hündür olması əsas rol oynadı".

Digər xəbərlər