Ərəblər Azərbaycanın təcrübəsindən faydalanacaq

Ərəblər Azərbaycanın təcrübəsindən faydalanacaq
Digər, Cüdo
12 May 2019 - 23:42



Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Cüdo Federasiyasında  görüş keçirilib.

Azərbaycan Cüdo Federasiyası ilə Səudiyyə Ərəbistanının Cüdo Federasiyası arasında baş tutan görüşdə  qarşılıqlı əməkdaşlıq  mövzusunda müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov  çıxış edərək ölkəmizdə idmanın, xüsusən də cüdonun inkişafından, eləcə də bu idman növündə Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi  etməsindən söhbət açib. Ötən il Bakıda keçirilən cüdo üzrə dünya çempionatı və artiq bir neçə ildir respublikamızın  ev sahibliyi etdiyi "Böyük dəbilqə"  turniri haqda ətraflı məlumat verib. O, Səudiyyə  Ərəbistanının Cüdo Federasiyası ilə əməkdaşlığın əhəmiyyətli olacağina inandığını bildirib.

Səudiyyə Ərəbistanı Cüdo Federasiyasının vitse-prezidenti Nabeel Mohammed Al-Hassan Azərbaycanın dünyanın idman ölkələri arasında xüsusi yerinin olduğunu bildirib. Azərbaycan cüdosunun inkişafından və cüdoçularımızın dünyanın ən güclülərindən olduğundan söhbət açan qonaq bu əməkdaşlıqdan böyük məmnunluğunu ifadə edib. O, Azərbaycanın təcrübəsindən uğurla yararlanacaqlarını söyləyib.

Ardınca Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov  çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan,  eləcə də bu sahədə gedən güclü inkişafdan bəhs edib.

Görüşdə tərəflər dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini arzu edərək aşağıdakılar barədə razılığa gəliblər:  bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarının, turnirlərin və yoldaşlıq görüşlərinin təşkili və keçirilməsi;  tərəflərin üzvü olan idman təşkilatlarının, elecə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılması;  məşqçilər və hakimlər üçün birgə seminarların təşkili, müxtəlif  təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi;  müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi.

Sonra Azərbaycan Cüdo Federasiyası ilə Səudiyyə Ərəbistanının Cüdo Federasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında  memorandum  imzalanıb.





Qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb

Digər xəbərlər