"Qarabağ" çempion oldu - Video

"Qarabağ" çempion oldu - Video
Futbol, Video
04 May 2019 - 14:48
Supersport.Az AFFA-nın təşkil etdiyi U-13 liqasının "Qarabağ" -"Neftçi" finalında vurulan üç qolu təqdim edir.

Videoçəkilişi Ruslan Məmmədov edib.

Binə stadionunda keçirilən oyunda 2:1 hesabı ilə qələbə qazanan Ağdam klubu 2018-2019-cu il mövsümünün qalibi olub.
"Səbail" isə üçüncü yeri tutub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Samir Əliyev, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, aşağı yaş qruplarından ibarət milli komandaların koordinatoru Miloş Velebit, Uşaq və Gənclər liqaları üzrə Yarışların təşkili şöbəsinin rəhbəri Yusif Vəliyev təqdim ediblər.

Əvvəlcə final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib. Səlim Həşimov ("Qarabağ") ən yaxşı qapıçı, Murad Məmmədov ("Neftçi") ən yaxşı oyunçu seçilib. Mövsüm ərzində 32 qol vuran "Səbail"in hücumçusu Azad Əskərov liqanın bombardiri olub. Fair-play mükafatı isə "Neftçi"dən Aslan Hətəmova təqdim olunub.


"Qarabağ" qızıl, "Neftçi" gümüş, "Səbail" bürünc medallarla təltif edilib.


Sonda "Qarabağ" komandasına kubok təqdim olunub.




 

Digər xəbərlər