"Qəbələ"nin 3 illik yalanı - Tale Heydərov: "İstefa verməyin vaxtı çatmışdı"

"Qəbələ"nin 3 illik yalanı - Tale Heydərov: "İstefa verməyin vaxtı çatmışdı"
Futbol
12 Aprel 2019 - 07:45



"Qəbələ" klubun prezidenti vəzifəsindən istefa verən Tale Heydərovla bağlı yeni açıqlama yayıb.

"Tale Heydərov "Qəbələ" İdman Klubu prezidentliyindən istefa vermişdir. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir.

Tale Heydərovun rəhbərliyi altında "Qəbələ" İK möhtəşəm nəticələr qazanmış, kiçik təməldən başlayaraq​ Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilmişdir. "Qəbələ", Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa Liqası qrup mərhələlərinə yüksəlmişdir".

Aprelin 10-da istefa verən Tale Heydərov, klubun daha da irəli gedəcəyinə inandığını deyib:

"Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar".

Klubun son illərdəki ən böyük uğurlarından biri "Qəbələ" Futbol Akademiyasının açılışı olub. 2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın U-21 millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır.

Klubun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun "Qəbələ" üçün böyük işlər gördüyünü vurğulayıb:

"Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin etmişdir. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm Qəbələni ölkənin əsas futbol mərkəzlərindən birinə çevirmişdir. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanmışdır. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik".

"Qəbələ" klubunun açıqlamasının sonunda Tale Heydərovun bu il Bakıda Ronaldinyo Futbol Akademiyasının açılışını edəcəyi bildirilib:

"Tale Heydərovun klubdan ayrılması bu il Bakıda açılması planlaşdırılan Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəkdir. Ronaldinyo akademiyası T.Heydərovun Azərbaycan futboluna bağlılığının parçasıdır və "Qəbələ" İK, eləcə də bütün ölkə üçün futbol istedadlarının yeni nəsillərini yetişdirəcəkdir".

Qeyd edək ki, üç ildir Tale Heydərovun Bakıda Ronaldinyo Futbol Akademiyasının açılışını edəcəyi söz olaraq qalıb. Braziliyalı futbolçu 2016-cı ilin oktyabrında Bakıya səfər edərək, jurnalistlərin suallarını cavablandırmışdı. O zaman "Qəbələ" prezdienti Tale Heydərov, AFFA-nın baş katibi Elxan Məmmədovun da iştirak etdiyi tədbirdə paytaxtda Ronaldinyo Futbol Akademiyasının açılacağını bildirsə də, hələ də bu vədə əməl olunmayıb.


Digər xəbərlər