Avropa qurumunun bayrağı Azərbaycana təqdim olundu - Şəkil

Avropa qurumunun bayrağı Azərbaycana təqdim olundu - Şəkil
Karate, Digər, Foto
31 Mart 2019 - 19:08
Supersport.Az-ın məlumatına görə, Azərbaycan milli komandası 28-31 mart tarixlərində İspaniyanın Quadalaxara şəhərində Avropa çempionatını 1 qızıl, gümüş, 2 bürünc medalla başa vurub.

Para-Karate yarışlarının gözdən zəif idmançılar kateqoriyasında Sahib Əhədov Avropa çempionu olub. Fərdi kumite yarışlarında Rafael Ağayev (-75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafat qazanıb. Daha bir bürünc medalı Roman Heydərov (kata) qazanıb.

Nuranə Əliyeva (-50 kq), həmçinin  İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası bürünc medal uğrunda görüşdə qələbəni əldən verib. Rafiz Həsənov (-67 kq) və Ayxan Mamayev (-84 kq) təsəlliverici döyüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

Mərhələ keçən idmançılarımız dünya reytinq cədvəli ilə birgə, 2-ci Avropa oyunları və 2020-ci ildə Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda reytinq xallarını artırıblar. Yaxın günlərdə 2-ci Avropa Oyunlarına vəsiqə qazanan karateçilərin siyahısı açıqlanacaq. Böyüklərin 54-cü Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edib. Azərbaycan medal qazana bilən 26 ölkə arasında 10-cu yeri tutub.

Məlumatı milli federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov verib.

Qitə çempionatının sonunda təşkilatçı ölkə kimi İspaniya Karate Federasiyasının prezidenti Antonio Marquenyo və Avropa Karate Federasiyasının (EKF) 1-ci vitse-prezidenti Jiri Bocek tərəfindən EKF-in bayrağı 2020-cu ildə 55-ci Avropa çempionatının təşkilatçısı Azərbaycana təqdim olunub. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov rəsmi mərasimdə EKF-in bayrağını qəbul edib. Növbəti qitə çempionatı gələn ilin mayında paytaxtımızda təşkil olunacaq.

Digər xəbərlər